Azərbaycan

Azerbaijani
Ümumi məlumat

Azərbaycan – Avrasiya qitəsinin mühüm ölkəsi olmaqla yanaşı, həm də Cənubi Qafqazın ən iri və sıx əhaliyə malik ölkəsidir. Bununla yanaşı, paytaxt Bakının sürətlə yüksək inkişaf etmiş müasir şəhərə çevrilməsinə baxmayaraq, ətraf qəsəbələr və kəndlər hələ də toxunulmamış və arxaik olaraq qalır.

Azərbaycanın bir hissəsi Şərqi Avropaya, bir hissəsi isə  Qərbi Asiyaya düşür. Azərbaycanın şərq sahilini Xəzər dənizi əhatə edir, Rusiya Federasiyası isə onun şimal qonşusudur.  

Bakı

Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, onun qədim tarixə malik olması şübhəsizdir. Şəhərin yerləşdiyi Abşeron yarımadasının ərazisi əlverişli coğrafi mövqeyə malikdir. Yarımadanın əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində burada qədim insan məskənlərinin yaranması tamamilə qanunauyğun haldır.

Lerik

Talış dağlarının zirvəsində Azərbaycaınn ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Burada adama elə gəlir ki, əlini uzatsa göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, bakirə meşələr, büllur kimi saf sulu çaylar və şəlalələr, təmiz hava və bərəkətli torpaqlar… Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20 °C -dən +25 °C -yə qədər olur.

Şəki

Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Şəki şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.

Gəncə

Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Gəncə-Qazax ovalığında, Gəncəçay çayının hər iki sahilində yerləşir.

Gəncənin zəngin tarixinin səhifələrini vərəqlədikcə bu tarixin hər bir sətrində qədim şəhərin izlərinə rast gəlir, onun səsini eşidir, nəfəsini duyuruq.

Gəncənin yaranma tarixi barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər bu şəhərin eramızdan əvvəl yaranmasını, digərləri isə onun əsasının erkən orta əsrlər dövründə qoyulmasını iddia edirlər.

Lənkəran

Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14 °C. Ən soyuq ay yanvar (+3,4 °C), ən isti ay isə iyul ayıdır (+2,5 °C). Yağıntıların illik miqdarı 1400 – 1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür.

Qəbələ

Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.

Qax

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41 С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45 С-ə çatır. İlisu qoruğu bu rayonun ərazisindədir.

Quba

Quba rayonu Azərbaycana gələn turistlərin ən çox xoşladığı bölgələrdən biridir. Afurca kəndi və onun məşhur şəlaləsi isə illər boyu bakılıların sevimli istirahət yeri olmuşdur. Bu rayona səyahətə çıxan turistlər hökmən Təngəaltı yarğanına tamaşa edir, sonra isə bulanıq sulu Vəlvəliçaydan keçərək Kunxırt şəlaləsində baxmaqdan zövq alır, daha sonra ötən əsrin 40-cı və 50-ci illərdən rayon mərkəzi olmuş Qonaqkəndə, təkrarolunmaz gözəlliyilə taınan Noğurdüzü, Yerfi kəndlərinə üz tuturlar. Yol get-gedə üzü yuxarı qalxır. Tədricən ətrafa təbiət də dəyişir.

Naftalan

Naftalan şəhəri Bakıdan 330 km qərbdə, Gəncə şəhərindən 50, “Goran” dəmir yolu stansiyasından 18 km aralı, Murov dağının dağətəyi düzənliyindədir. Dəniz səviyyəsindən 240-250 m yüksəklikdə yerləşir. Yayı isti, qışı yumuşaqdır. Orta illik temperaturu 14,8 dərəcədir. Küləyin hərəkət sürəti 5,0 m/san-dir.

Qusar

Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Qusar şəhəri Xudat dəmiryol stansiyasından 35 km aralıda yerləşir. «Qusar» sözü «hisar» qəbiləsinin adından yaranmışdır. Dağlar və vadilər diyarı olan bu rayonun ərazisindəki Bazardüzü dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Zəngin florası ilə seçilən bu rayonun ərazisinin 20%-i meşələrlə örtülmüşdür. Meşələrdə əsasən enliyarpaqlı ağaclar, o cümlədən, vələs, palıd və fıstıq ağacı bitir. Çayların sahili boyunca tuğay meşələri uzanır.