Naftalan

Naftalan şəhəri Bakıdan 330 km qərbdə, Gəncə şəhərindən 50, “Goran” dəmir yolu stansiyasından 18 km aralı, Murov dağının dağətəyi düzənliyindədir. Dəniz səviyyəsindən 240-250 m yüksəklikdə yerləşir. Yayı isti, qışı yumuşaqdır. Orta illik temperaturu 14,8 dərəcədir. Küləyin hərəkət sürəti 5,0 m/san-dir.

Şəhərin ərazisi 31 may 2010-cu il tarixə kimi 879,82 hektar olmuşdur. Lakin kurort zonasını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Goranboy rayon və Naftalan şəhərinin inzibati ərazi vahidlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2010-cu il tarixli Qanununun tətbiq edilməsi barədə imzaladığı 10 iyun 2010-cu il tarixli 958 nömrəli Sərəncama əsasən Goranboy rayonunun inzibati ərazisindən 2692,81 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazi vahidinə daxil edilmiş və şəhərin ümumi sahəsi 3572,62 hektar olmuşdur.

“Naftalan” sözünün etimologiyası bu ərazidə çıxan neftlə əlaqədardır. Ehtimala görə, hələ qədimdən təbii şəkildə çıxan “Naftalan” neftinin müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar onu tuluqlara doldurub dəvə karvanı ilə müxtəlif yerlərə apararaq satırmışlar. Naftalan (neft alan) adının da elə buradan yarandığı ehtimal olunur. Müalicəvi naftalan məlhəmi haqqında ilk yazılı məlumatlar XII əsrə təsadüf edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) ''Xəmsə'' poemasında Səfikürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasınından söz açırdı. O, poemada qayğıkeş qadının ovda yaralanan ərinin yaralarını “dağ yağı” ilə müalicə etməsindən bəhs edirdi. XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polo da özünün ''Böyük Tatarıstan haqqında'' traktatında Naftalan neftini xatırlayır.

Naftalan neftinin sənaye üsulu ilə kəşfiyyatı, hasilatı və emalı tarixi XIX əsrə aid edilir. 1868-ci ildə Qafqaz Diyarının Dağlıq Hissəsinin İdarəçiliyi tərəfindən alman milliyətinə mənsub 8 nəfərə Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Həmin almanlar arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi Y.İ.Yeger hasil etdiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını (bu neft yanmırdı) görərək, əvvəlcə məyus olsa da, sonradan naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Çox keçmədən Yeger bu sahədə böyük uğur qazanır. O, istehsal etdiyi ''Naftalan'' mazının nümunələrini dünyanın ən tanınmış həkimlərinə göndərir və Maqdeburqdan professor List bu məsələyə böyük diqqət yetirərək, bütün məhsulu Almaniya üçün topdan alır. Çox maraqlıdır ki, həmin dövrdə Yegerin mazı Rusiyada nəyə görə isə qadağan edildiyi üçün onu buraya Almaniyadan patentləşdirilmiş mal kimi çox baha qiymətə gətirirdilər. Həmçinin zavodda “Naftalan” və “Kojelan” adlı preparatlar hazırlanırdı. “Kojelan” yağı insan dərisini, dəridən düzəldilmiş əşyaları yumşaq saxlayır, habelə metal predmetləri paslanmaqdan qoruyurdu. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılırdı.

1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasında ''Qafqazda çıxarılan Naftalanın təsiri haqqında'' qısa məlumatla çıxış etmişdi.

Naftalan neftinin reklamı ilə əlaqədar məşhur alman dermotoloqu P.P. Unna 1903-cü ildə demişdir: “Kim Naftalana malikdirsə, onun hər şeyi var”.

Həmçinin tarixi faktlardan məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsr düşən yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. Həmin hazırlanmış mazdan onlar bədənlərindəki yaralara çəkir və nəticədə yarları daha tez sağaldırdı. Bu da onu göstərir ki, Naftalan neftinin dünyada analoqu yoxdur və o, unikal müalicəvi əhəmiyyətə malikdir. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycanın və Bakının evakuasiya hospitallarında Ş.M. Həsənovun təklif etdiyi ''Naftomastika'' preparatı güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilmişdir.

1911-1912-ci illərdə başqa bir alman sahibkarı Kvel ''German-Naftalan'' adlı səhmdar cəmiyyəti yaratmış və Naftalan neftindən bir neçə preparat hazırlamağa başlamışdır. Həmin illərdə Almaniyada Naftalanla bağla iki səhmdar cəmiyyəti “Maqdenburq-Naftalan”, Drezden-Naftalan fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdılar.

Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Lakin, 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.

Otellər:

  • Chinar Hotel & Spa Naftalan;
  • Garabag Resort & Spa;
  • Naftalan Hotel Qashalti;
  • Naftalan Hotel by Rixos.
Azerbaijani