Qəbələ

Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.

Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır.

Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələr var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.

Azərbaycanın İsveçrəsi adı verilən Qəbələ şəhəri olduqca heyrətamiz bir coğrafi məkanda yerləşir.

Rayonda yüzlərlə tarix və mədəniyyət abidəsi var. Onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir.

Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə Yalovlu mədəniyyəti adlanır.

Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır.

Turistlərə xidmət edən «Dağ Turizm Bazası» ekskursiyaların, meşədə istirahətin və ovun təşkil edilməsi ilə məşğul olur.

Bütün bunlar, xüsusilə son yeddi-səkkiz ildə, turistləri Qəbələyə cəlb edir, Azərbaycanda, xüsusilə də Qəbələdə, turizm bumu haqqında əminliklə demək olar.

Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət yetirir. 2010-cu ildə turistlərin cəlb edilməsini, yeni otellərin yaradılmasını nəzərdə tutan dövlət proqramın ikinci hissəsi start götürmüşdür. Bu işlərin həyata keçirilməsi şəhərin inkişafına və bura investisiyaların cəlb edilməsinə yeni təkan verəcək.

Artıq bu gün siz qədim xarabalıqları və gözəl şəlalələri səfər edə biləcəyiniz, gözəl gölün sahillərində ormanda rahat istirahət edə biləcəyiniz bir neçə istirahət zonaları və turist bazaları var. Şəhərin yaxınlığında iki beş ulduzlu kompleks açılıb. Bir neçə qonağın yerləşməsi üçün kiçik ailə tipli mehmanxanalar da var.

Otellər:

  • Qafqaz Riverside Resort Hotel;
  • Qafqaz Sport Hotel;
  • Qafqaz Karvansaray Hotel;
  • Qafqaz Tufandag Mountain Resort Hotel;
  • Qafqaz Gabala City Hotel;
  • Qafqaz Resort Hotel;
  • Qafqaz Yeddi Gozel Hotel;
  • Yahsar Holiday Home.
Azerbaijani