Dubay

Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var.

Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sakinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıldıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü. Pula pul deməyən ərəb şeyxləri iddialı tikililərlə dünyanın diqqətini özlərinə çəkməyə başladılar.

Məşhur fantan
Bu fantan Bürc Xəlifənin yaxınlığında yerləşir. Dünyadakı ən böyük musiqili fontandır. Hər axşam saat 18:30- dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sakinləri və bütün qonaqlar buraya axın edirlər. Fontanın fışqıran suyu 150 metr yüksəkliyə qədər qalxır. Özünü Şərqin inanılmaz nağıl aləmində hiss etməyi arzulayanlar üçün bunu izləməyə dəyər.

Akvarium və..
Dubay Ticarət-Əyləncə Mərkəzində, Palma Cumeyra adasındakı "Atlantis" oteldə nəhəng akvariumlar diqqəti çəkir. Son 30 ildə Dubay Əmirliyi görüntüsünü tamamilə dəyişdirib. Möhtəşəm memarlıq layihələri onu ənənəvi Şərq şəhərindən müasir meqapolisə çevirib. Şeyx Zahid Roud şəhərin ən prestijli küçəsidir. Əkiz qüllələr - "Emirates Touers", Dubay Dünya Ticarət Mərkəzi tanınmış ünvanlardandır. Şəhərin əsas rayonları şərq hissədəki Deyra deyilən ticari və Bar-Dubay kimi tanınan tarixi mərkəzdir.

Bastakiya
Bar-Dubayın qədim hissəsi belə adlanır. Şəhər muzeyi ilə sahil buxtası ərazisində Musalla küçəsində yerləşir. Buradakı binaların əksəriyyəti XIX əsrin sonu - XX ərsin əvvəllərində inşa edilib. Vaxtilə ərazidə İrandan gəlmə tacirlər məskən salarmış. Kvartalın adı da elə farsca Bastak kəlməsindən irəli gəlir ki, bu, İranda həmin tacirlərin ol- duğu əyalətin adıdır. Hazırda Bastakiya ərazisində güclü yenidənqurma və restavrasiya işləri gedir.

Yelkənşəkilli "7 ulduz"lu otelin şöhrəti bütün dünyaya yayılıb. Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir. Otelin ərazisinə daxil olmaq qadağandır. Sadəcə, müştərilər girə bilərlər. Burada maşınların hitparadı var. 321 metr yüksəkliyi və 56 mərtəbəsi olan otel dünyada ən hündür mehmanxana hesab edilir. O, süni adanın üzərində inşa edilib.

Palma adaları
Üç hissədən ibarət süni adalar zənciri belə adlanır - Cumeyra, Cəbəl Əli və Deyra. Birinci adada Yaxın Şərqdə ilk monorels nəqliyyat vasitəsi istifadəyə verilib. Bu, Dubayda ən məşhur layihələrdəndir. Sahilboyu 120 km məsafəni əhatə edən bu məkanı daşınmaz əmlak almaq istəyənlərin üz tutduğu ən populyar yer kimi qələmə vermək olar.

Bəzən Dubayı restoran, klub və mağazalarına görə, Fars körfəzinin Parisi adlandırırlar. Kinoteatrlarda Hindistan, Avropa və Amerika istehsalı olan filmləri izləmək mümkündür. Şəhərdə son illərin ən populyar türk teleseriallarının posterlərini də görmək mümkündür.

Azerbaijani